«ALLATRA»-nın RƏSMİ BƏYANATI. ÇEXİYA nəşri «Seznam Zprávy»-nin 08.02.2026-cı il tarixli məqaləsində həqiqətə uyğun olmayan məlumatların və böhtan xarakterli iddiaların yayılmasına dair
«ALLATRA» açıqlıq, elmi əsaslılıq və qanunçuluq prinsiplərinə sadiqliyini bəyan edir. Biz söz azadlığına və jurnalistlərin fəaliyyətinə hörmətlə yanaşırıq, lakin təşkilatımızın işgüzar nüfuzuna xələl gətirən və ictimaiyyəti çaşdıran həqiqətəuyğun olmayan məlumatların yayılmasını qəbuledilməz hesab edirik.
8 fevral 2026-cı il tarixində Çexiyanın Seznam Zprávy portalında Kristina Tsirokova (Kristina Ciroková) tərəfindən yazılmış «Europoslanec z ANO chystá akci s proruskou sektou AllatRa» («ANO-dan olan Avropa Parlamenti deputatı rusiyapərəst AllatRa təriqəti ilə tədbir planlaşdırır») adlı məqalə dərc edilmişdir. Sözügedən materialda rəsmi sənədlərə, məhkəmə qərarlarına və müəyyən edilmiş faktlara tamamilə zidd olan bir sıra faktiki səhvlər, manipulyativ iddialar və həqiqətə uyğun olmayan ittihamlar yer alır.
Nəşrdə «ALLATRA»-nın rəsmi hüquqi və vətəndaş mövqeyinə məhəl qoyulmur, təşkilatın elmi-tədqiqat fəaliyyətinin mahiyyəti təhrif olunur, eləcə də mənbəyi üçüncü tərəflərin həyata keçirdiyi diskreditasiya kampaniyaları olan köhnəlmiş və ya təkzib edilmiş narrativlərdən istifadə edilir.
1."Rusiyapərəst mövqe" və RF xüsusi xidmət orqanlarına işləmək barədə ittihamların təkzibi
Məqalədə «ALLATRA»-nın «rusiyayönlü təşkilat» olması və ya Rusi̇ya Federasi̇yasinin maraqlarına xidmət etməsi ilə bağlı iddia yalandır və yoxlanıla bilən faktlar və sənədli mənbələrlə təsdiqlənmir. Bu iddia «ALLATRA»-nın demokratik ölkələrdə fəaliyyətini maksimum dərəcədə məhdudlaşdırmaq məqsədilə ona qarşı rusiya təbliğatı tərəfindən yayılan diskreditasiya xarakterli narrativləri təkrarlayır.
Ukraynaya və Rusiyanın Ukraynaya qarşı müharibəsinə dair ALLATRA»-nın rəsmi mövqeyi.
«ALLATRA» öz tarixini 1995-ci ildən götürür. Təşkilatın ilk rəsmi hüquqi şəxsi 2014-cü ildə Ukraynada (Kiyev) qeydiyyata alınmışdır. 2017-ci ildən etibarən «ALLATRA»-nın rəsmi mənzil-qərargahı ABŞ-da (Atlanta, Corciya ştatı) yerləşir.
2014-cü ildə rusiya təcavüzünün lap əvvəlindən «ALLATRA» Ukraynaya sistemli dəstək göstərir və onun beynəlxalq arenada maraqlarının müdafiə olunmasına kömək edir. Hüquqi cəhətdən Ukraynada yaranmış və mənzil-qərargahı ABŞ-da yerləşən bir təşkilata «rusiya izi» aid etmək cəhdləri tarixi reallığın təhrif edilməsidir.
«ALLATRA» Rusiya tərəfindən Ukraynaya qarşı başladılan müharibəyə münasibətdə barışmaz mövqe tutur ki, bu da rəsmi saytda dərc edilmiş rəsmi bəyanatda öz əksini tapmışdır. «ALLATRA» Rusiya Federasiyasının Ukraynaya qarşı 2014-cü ildə başlayan və 2022-ci ildə tammiqyaslı işğala çevrilən silahlı təcavüzünü birmənalı olaraq pisləyir.
Rəsmi bəyanatdan sitat: «ALLATRA» Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir... Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzü gedişatında törədilən hərbi cinayətləri, bəşəriyyətə qarşı cinayətləri və beynəlxalq humanitar hüququn hər hansı digər pozuntularını qətiyyətlə pisləyir».
Rusiyada «ALLATRA»-ya qarşı təqiblər. 2023-cü ildə Rusiya Federasiyası Baş Prokurorluğunun qərarı ilə «ALLATRA» BİH-in RF ərazisindəki fəaliyyəti arzuolunmaz hesab edilmişdir. 2025-ci ildə Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə «ALLATRA» ekstremist təşkilat kimi tanınmış, «ALLATRA»-nın informasiya resursları isə Rusiya ərazisində Roskomnadzor tərəfindən bloklanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, çexiyalı jurnalistin təşkilatın «Rusiya xüsusi xidmət orqanlarının aləti» olması barədə iddiası müəyyən edilmiş faktlara və rəsmi olaraq dərc edilmiş qərarlara ziddir.
Rusiya ərazisində «ALLATRA»-nın keçmiş iştirakçılarına qarşı müntəzəm olaraq inzibati və cinayət işləri açılmağa davam edir, onlar axtarışlara, işgəncələrə məruz qalır, nəzarət altına alınır və azadlıqdan məhrumetmə yerlərinə salınırlar.
Hüquq müdafiəçilərinin qiymətləndirməsi. USCIRF, L’Observatoire international du religieux (OIR), Memorial, the SOVA Center kimi beynəlxalq hüquq müdafiə təşkilatları RF-də «ALLATRA»-nın təqib olunmasını söz və vicdan azadlığının siyasi motivli pozuntusu kimi qəbul edirlər.
2. "Cinayətkar təşkilat" barədə iddiaların, habelə Ukraynada «ALLATRA» hərəkatı ilə bağlı cinayət icraatlarının və inzibati məhkəmə çəkişmələrinin statusunun təkzibi
«ALLATRA» Beynəlxalq İctimai Hərəkatına münasibətdə təşkilatı Ukrayna və ya Aİ ərazisində cinayətkar kimi tanıyan qanuni qüvvəyə minmiş hər hansı bir məhkəmə hökmü mövcud deyil. Dünyada «ALLATRA»-nın fəaliyyətini rəsmi şəkildə qadağan edən yeganə ölkə Rusiyadır.
2025-ci ildə «ALLATRA» hərəkatının Ukrayna ərazisində qadağan edilməsi cəhdinin irəli sürüldüyü inzibati işə baxılarkən, məhkəmə qaldırılmış iddianın əsasını təşkil edən İqtisadi və hüquqi tədqiqatlar mərkəzinin (İ. Kremenovskayanın müəllifliyi ilə) əsas "ekspert rəyini" rəsmi şəkildə rədd etdi. Məhkəmə müəyyən etdi ki, sözügedən ekspertiza aşağıdakı səbəblərə görə yolverilməz sübutdur:
- Qərəzlilik. Ekspert «cavabdehə qarşı mənfi münasibət bəsləyir və maraqlı şəxsdir», o, təşkilata qarşı mübarizəsini açıq şəkildə bəyan edir ki, bu da hüquqi cəhətdən onu ekspertin müstəqillik statusundan məhrum edir.
- Plagiat və saxtalaşdırma. Qondarma «elmi nəticələr» şəxsi tədqiqatlara deyil, «ayrı-ayrı hissələrdə İnternet şəbəkəsində açıq girişdə yerləşdirilmiş nəşrlərlə sözbəsöz üst-üstə düşən» mənimsənilmiş materiallara əsaslanır.
- Qanun pozuntusu. Ekspertlər təhlil üçün materialları müstəqil şəkildə toplayaraq prosessual normaları pozmuşlar..
Məhkəmənin "ekspert rəyləri" ilə bağlı qərarından sitat: «Materiallarda hüquqazidd fəaliyyətin lazımi sübutlarına əsaslanan konkret və obyektiv şəkildə inandırıcı nəticələr yoxdur... və məhkəmə onların qəbul edilməsi üçün əsas görmür».
Bundan əlavə, qeyd olunan iş çərçivəsində «İnternet şəbəkəsinin ünvan məkanı üzrə Kompetensiya Mərkəzi» Dövlət Müəssisəsinin «ALLATRA» veb-səhifələrinin İnternet şəbəkəsindəki məzmununun qeydə alınması və tədqiqi haqqında 16.05.2024-cü il tarixli, 150/2024-ZV nömrəli hesabatı təqdim edilmişdir. Hesabatın materialları «ALLATRA»-nın Ukrayna ərazisindəki vətənpərvərlik fəaliyyətini təsdiqləyir.
Cinayət icraatının sübutlar bazasının əsassızlığı haqqında. Çexiyanın Seznam Zprávy portalındakı məqalə müəllifinin istinad etdiyi, Ukraynada «ALLATRA» iştirakçılarına qarşı açılmış cinayət icraatı, məhkəmə tərəfindən əsassız hesab edilən eyni «ekspert rəyləri» kompleksinə – «ALLATRA» təşkilatına qarşı yuxarıda qeyd olunan inzibati işlə eyni əsaslara söykənir. Məhkəmə artıq bu sənədlərdə əsassızlıq, qərəzlilik və plagiat hallarını müəyyən etdiyi üçün ittihamın bütün sübutlar bazası yolverilməzdir. İnzibati iş üzrə apellyasiya şikayətinin verilməsi faktı özlüyündə (hansı ki, hazırda baxılmamış qalır) sübutların yolverilməzliyinin hüquqi qiymətini dəyişdirmir. İttiham məhkəmə tərəfindən yolverilməz hesab edilən sübutlara əsaslanarsa, qanuni sayıla bilməz.
Qeyd etmək vacibdir ki, «ALLATRA»-ya qarşı istifadə olunan və sonradan Kiyev Dairə İnzibati Məhkəməsi tərəfindən yolverilməz sübutlar kimi qəbul edilən «ekspert rəyləri»ndə, əvvəllər Rusiya təbliğatı tərəfindən həyata keçirilən «ALLATRA»-ya qarşı informasiya kampaniyaları çərçivəsində yayılan və Hərəkatı nüfuzdan salan tezislər yer alır. Analoji və bəzi hallarda sözbəsöz üst-üstə düşən iddialar yoxlanıla bilməyən mənbələrə əsaslanan və «ALLATRA»-nın nüfuzuna xələl gətirən xarici nəşrlərdə də təkrarlanır.
«ALLATRA» hərəkatının zərərçəkmiş tərəf kimi tanınması. Ukrayna Milli Polisi 2 fevral 2026-cı il tarixində «ALLATRA» BİH-i rəsmən zərərçəkmiş tərəf kimi tanımışdır. Milli Polis tərəfindən üçüncü şəxslərin «ALLATRA» hərəkatına münasibətdə «ictimai təşkilatın qanuni fəaliyyətinə mane olma» (Ukrayna Cinayət Məcəlləsinin 170-ci maddəsi) kimi tövsif edilən cinayət hüquqpozmasının əlamətləri müəyyən edilmişdir. Beləliklə, Ukraynanın hüquqi müstəvisində Hərəkat «cinayətkar təşkilat» kimi deyil, qanuni hüquqları pozulmuş bir subyekt kimi çıxış edir, yəni ittiham olunan deyil, zərərçəkmiş statusuna malikdir.
Avropa hüquq sistemində şəxsi və ya təşkilatı cinayət törətməkdə təqsirli bilmək səlahiyyətinə malik yeganə orqan məhkəmədir. Bu günə qədər nə Ukraynada, nə də Aİ dövlətlərində təşkilatın hüquqazidd fəaliyyətdə iştirakını müəyyən edən və qanuni qüvvəyə minmiş hər hansı bir məhkəmə hökmü mövcud deyil.
Təqsirli bilinməsi barədə hər hansı məhkəmə qərarı olmayan təşkilata münasibətdə Seznam Zprávy məqaləsində istintaq orqanlarına və ya üçüncü şəxslərə istinadla belə təsdiq formasında «cinayətkar təşkilat» (zločinecká organizace) termininin istifadəsi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsi və Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 48-ci maddəsi ilə zəmanət verilmiş təqsirsizlik prezumpsiyası fundamental hüquq prinsipinin kobud şəkildə pozulmasıdır.
Anlayışların bu cür dəyişdirilməsinin məqsədi açıq-aydın təşkilatın imicinin ədalət mühakiməsindən yan keçməklə ictimaiyyətin gözündə süni şəkildə kriminallaşdırılmasından ibarətdir ki, bu da demokratik hüquqi dövlətin prinsiplərinə ziddir. Demokratik ölkələrdə «ALLATRA» hərəkatı iştirakçılarının damğalanması və dehumanizasiyası cəhdləri obyektiv olaraq Rusiya Federasiyasının maraqlarına cavab verir, çünki bu, Rusiyada qadağan edilən və təqiblərə məruz qalan, habelə Ukraynanın maraqları naminə fəaliyyət göstərən hərəkatın işini zəiflədir.
3. "Təhlükəsizliyə təhdid" ittihamının təkzibi, habelə beynəlxalq qarşılıqlı fəaliyyət və tanınmanın təsdiqlənmiş faktları
«Seznam Zprávy» nəşrində «ALLATRA»-nın fəaliyyəti «təhlükəsizlik üçün risk» kimi təqdim olunur, halbuki təşkilatın faktiki fəaliyyəti bunun əksini – ictimai təhlükəsizliyin qorunmasına, qlobal risklərin təhlilinə və cəmiyyətin maraqları naminə birgə həll yollarının işlənib hazırlanması üçün beynəlxalq institutlarla əməkdaşlığa yönəlmiş sistemli işi sübut edir.
«ALLATRA»-nın fəaliyyəti humanitar və elmi-maarifləndirici xarakter daşıyır ki, bu da təşkilatın beynəlxalq təşəbbüslərdə səmərəli iştirakı, elmi ictimaiyyətlə əməkdaşlığı, eləcə də dövlət və hökumətlərarası strukturlarla qarşılıqlı fəaliyyəti ilə təsdiqlənir.
Vatikan. Təşkilat ətraf mühitin qorunmasına verdiyi töhfəyə görə Roma Papası Fransiskin Apostol xeyir-duasını və Roma Papası XIV Levin xeyir-duasını almışdır. Hərəkatın prezidenti Marina Ovtsınova Vatikanın dövlət katibi kardinal Pyetro Parolinə "Biosferdə nanoplastik: molekulyar təsirdən planetar böhrana qədər" adlı məruzəni şəxsən təqdim etmişdir.
BMT və iqlim sammitləri. Təşkilatın nümayəndələri COP29 (Azərbaycan), COP16 (Kolumbiya, Səudiyyə Ərəbistanı) və COP30 (Braziliya) konfranslarının rəsmi iştirakçılarıdır.
Boliviya dövlət strukturları ilə əməkdaşlıq. «ALLATRA» Boliviyanın Mülki Müdafiə üzrə Vitse-nazirliyi ilə rəsmi əməkdaşlıq edir, o cümlədən Boliviya silahlı qüvvələri üçün iqlim təhdidlərinə reaksiya verilməsi üzrə seminarlar keçirir.
ABŞ. «ALLATRA» Beynəlxalq dini etiqad azadlığı üzrə ABŞ Komissiyası (USCIRF) ilə qarşılıqlı fəaliyyət göstərir və "Mənəvi Diplomatiya" (Spiritual Diplomacy) qlobal hüquq müdafiə təşəbbüsü çərçivəsində Kapitol təpəsində keçirilən tədbirlərdə iştirak edir.
Kapitolidə və Vaşinqtonda tədbirlərin təşkili
22 yanvar 2026-cı il tarixində «ALLATRA» platformasında «Mənəvi diplomatlar» təşəbbüsü çərçivəsində Pastor Mark Börnsün rəhbərliyi ilə «Azadlıqda birlik: mənəvi diplomatlar dövrü» (United in Liberty: The Rise of Spiritual Diplomats) adlı beynəlxalq dinlərarası konfrans keçirilmişdir.
Konfransda ABŞ Prezidenti Donald Trampın xüsusi videomüraciəti təqdim olunmuşdur. Tədbirin spikerləri arasında fəaliyyətdə olan ABŞ konqresmenləri (Qas M. Bilirakis, Co Uilson, Mark Harris) və müxtəlif ölkələrdən ictimai, siyasi, dövlət və dini sahələrin digər liderləri yer almışdır.
5 fevral 2026-cı il tarixində Vaşinqtonda, Kapitol təpəsində pastor Mark Börnsün liderliyi altında «ALLATRA» tərəfindən təşkil edilmiş "Azadlığın bir adı var — Ukrayna" (Freedom Has a Name and It's Called Ukraine) adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbir Amerika, Ukrayna və beynəlxalq nümayəndələr tərəfindən Ukraynaya qətiyyətli dəstək verilməsi üçün mühüm platformaya çevrilmişdir. Konfransda ABŞ Dövlət Departamentinin nümayəndəsi Kristofer Anderson, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Qari (Yuri) Tabax, Kiyev və Ukraynanın baş ravvini Moşe Reuven Asman, habelə Ukraynanın xalq deputatları (Yuliya Yatsik, Pavel Frolov) və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak etmişlər.
4. «ALLATRA» iştirakçısı İqor Danilovun statusu və "gizlənmə" ittihamlarının təkzibi haqqında
«Seznam Zprávy» məqaləsində «ALLATRA» iştirakçısı İqor Danilovun adı çəkilir və onun barəsində guya «Ukraynadan qaçdıqdan sonra Slovakiyada gizləndiyi» ifadəsi işlədilir ki, bu da yalan iddiadır və təqsirsizlik prezumpsiyası prinsipini pozur.
Qanuni qalma statusu. İqor Danilov Avropa İttifaqı ərazisində (Slovakiya Respublikasında) qanuni əsaslarla yaşayır. O, 2022-ci ildə sərhədi qanuni şəkildə keçmişdir və hüquq-mühafizə orqanlarından gizlənmir. Onun yeri miqrasiya və hüquq-mühafizə orqanlarına məlumdur ki, bu da ona münasibətdə "gizlənir" və ya "qaçıb" ifadələrinin istifadəsini tamamilə istisna edir.
Ukraynada ona qarşı açılmış və xüsusən yuxarıda qeyd olunan, komprometə edilmiş ekspert rəylərinə əsaslanan cinayət icraatı məhkəməyəqədərki istintaq mərhələsindədir, eyni zamanda İqor Danilovun nümayəndələri onun təqsirsizliyini təsdiqləmək məqsədilə qanunla müəyyən edilmiş qaydada istintaqla əməkdaşlıq edirlər.
Jurnalist manipulyasiyası. "Seznam Zprávy" nəşrinin jurnalisti tərəfindən hüquqi cəhətdən doğru olan "xaricdədir" ifadəsinin əvəzinə qiymətləndirici leksikadan ("qaçıb", "gizlənir") istifadə edilməsi, şəxsiyyətin dehumanizasiyası məqsədilə oxucuda yalançı kriminal obraz yaratmağa yönəlmişdir.
5. «ALLATRA»-nın elmi fəaliyyətini diskreditasiya etmək cəhdləri və nanoplastikin zərəri problemi haqqında
"Seznam Zprávy" nəşrinin məqalə müəllifinin Avropa Parlamentində nanoplastikin təhlükəsinə dair "Nanoplastik: gizli qarşılıqlı əlaqələr və yaranan risklər" (Nanoplastics: Hidden Connections and Emerging Risks) adlı konfransın elmi gündəmini diskreditasiya etmək və deputatlarla qarşılıqlı fəaliyyəti "ələ alma" ("zlákat") kimi təqdim etmək cəhdi manipulyasiyadır.
Bu tədbirin həmtəşkilatçısı ABŞ yurisdiksiyasında yerləşən və fəaliyyət göstərən müstəqil analitik və elmi-tədqiqat mərkəzi (think tank) — «ALLATRA» Qlobal Tədqiqat Mərkəzidir (ALLATRA Global Research Center, ALLATRA GRC). Mərkəz qlobal risklərin, o cümlədən iqlim, geodinamik və ekoloji təhdidlərin fənlərarası tədqiqatları üzrə ixtisaslaşır. Onun fəaliyyəti beynəlxalq elmi ictimaiyyət, dövlət orqanları və dövlətlərarası institutlar üçün analitik materialların və tövsiyələrin hazırlanmasına yönəlmişdir. Mərkəzin işi açıq məlumatlar (open science) prinsiplərinə əsaslanır və qlobal təhlükəsizlik üçün davamlı həll yollarının axtarışına yönəlib.
Elmi əsas. Konfransın elmi əsasını irimiqyaslı "Biosferdə nanoplastik: molekulyar təsirdən planetar böhrana qədər" (Nanoplastics in the Biosphere: From Molecular Impact to Planetary Crisis (2025)) adlı analitik məruzə təşkil edir. Bu məruzə Boliviya Katolik Universitetinin (Universidad Católica Boliviana «San Pablo») dəqiq elmlər və mühəndislik elmi-tədqiqat mərkəzi (CICEI) tərəfindən rəydən keçmiş, habelə Xuan Misael Saraço adına Muxtar Universitetin (UAJMS) tədqiqatlar, elm və texnologiyalar departamentinin (DICyT) müsbət rəyini almışdır. İşdə rəydən keçmiş 300-dən çox elmi mənbəyə istinadlar yer alır.
Beynəlxalq qiymətləndirmə. «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin iqlim və nanoplastik sahəsindəki tədqiqatlarının nəticələri artıq ən yüksək səviyyədə: BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu və 30-cu sessiyaları çərçivəsində (Azərbaycanda COP29 və Braziliyada COP30) təqdim edilmiş, eləcə də Vatikanda rəsmi qəbullar zamanı yüksək qiymətləndirilmişdir.
Legitim advokasiya. Qeyri-kommersiya və qeyri-hökumət təşkilatı kimi «ALLATRA»-nın Avropa Parlamentinin üzvləri ilə qarşılıqlı fəaliyyəti — Aİ-dəki demokratik prosesin ayrılmaz hissəsidir.
«ALLATRA» Qlobal Tədqiqat Mərkəzi (ALLATRA Global Research Center, ALLATRA GRC) Avropa İttifaqının Şəffaflıq Reyestrində (EU Transparency Register) REG 1148853102055-15 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
«ALLATRA» Avropa Parlamentinin deputatları (Ondjey Knotek və b.) ilə ictimai əhəmiyyət kəsb edən — ekoloji, iqlim, səhiyyə və təhlükəsizlik sahələrindəki gündəliklərin üst-üstə düşməsi əsasında qarşılıqlı fəaliyyət göstərir. Belə bir qarşılıqlı fəaliyyət vətəndaş cəmiyyətinin demokratik prosesdə iştirakının ümumi qəbul edilmiş təcrübəsinə uyğundur. Bu cür qarşılıqlı fəaliyyətin "ələ alma" kimi tövsif edilməsi sübutlarla təsdiqlənmir, qiymətləndirici xarakter daşıyır, faktiki halları təhrif edir və jurnalist manipulyasiyasıdır.
Qeyri-hökumət təşkilatlarının Avropa Parlamentinin deputatları ilə qarşılıqlı fəaliyyəti Avropa İttifaqı haqqında Müqavilənin 11-ci maddəsində təsbit olunmuş vətəndaş cəmiyyətinin demokratik prosesdə iştirakı prinsiplərinə uyğundur.
6. «Bot fermaları»ndan istifadə ittihamının təkzibi
«Seznam Zprávy» nəşrinin məqaləsində «ALLATRA»-nın guya manipulyasiyalar üçün xüsusi proqram təminatından istifadə etməsi barədə yer alan iddia yalandır. «ALLATRA»-nın bütün rəsmi resursları, saytları və sosial şəbəkələrdəki hesabları müstəsna olaraq www.allatra.org rəsmi saytında sadalanmışdır. Bu siyahıda göstərilməyən hər hansı kənar proqram və ya saytların «ALLATRA» ilə heç bir əlaqəsi yoxdur.
«ALLATRA» iştirakçılarının onlayn platformalarda və sosial şəbəkələrdəki yüksək fəallığı «bot-fermaların» işi deyil, dünyanın 180 ölkəsindən olan minlərlə real insanın könüllü fəaliyyətinin nəticəsidır. Vətəndaş cəmiyyətinin səmimi fəallığını «bot-fermanın işi» kimi təqdim etmək cəhdləri real iştirakçıların könüllü vətəndaş fəallığının əsassız şəkildə diskreditasiya edilməsidir.
7. Ədəbi əsərlər və «ALLATRA»-nın rəsmi mövqeyi haqqında
«Seznam Zprávy» portalının məqaləsində yer alan, «ALLATRA»-nın guya «Yolayrıcı» kitabı vasitəsilə «ideyalar yaydığı», həmin kitabın personajlarından birinin guya «slavyan xalqlarını birləşdirməli və sonradan bütün bəşəriyyəti xilas etməli olduğu» və bioqrafiyasının «bir çox cəhətdən Rusiya prezidenti Vladimir Putinin bioqrafiyası ilə oxşar olduğu» barədə iddia yalandır və qəsdən edilmiş manipulyasiyadır.
Hüquqi status və xronologiya. «ALLATRA» rəsmi olaraq 2014-cü ildə qeydiyyata alınmışdır; 2017-ci ildən etibarən təşkilatın baş ofisi ABŞ-da yerləşir. Nəşrin müəllifinin istinad etdiyi kitab «ALLATRA» yaradılmazdan çox əvvəl fərdi şəxs tərəfindən yazılmışdır. Nə adıçəkilən kitab, nə də hər hansı digər bədii materiallar «ALLATRA»-nın nizamnamə, proqram və ya digər rəsmi sənədləri deyil və heç vaxt olmayıb, onun fəaliyyətini müəyyən etməyib və etmir. Təşkilat bu bədii kitabdan olan ideyaları heç vaxt yaymayıb və yaymır.
Müasir beynəlxalq ictimai könüllü təşkilatına onun fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, başqa kontekstdə və başqa vaxtda yaradılmış bədii və ya publisistik mətnlərdən olan ideyaların yayılmasını aid etmək — təşkilatın fəaliyyətinin təhlili predmetinin kənar materialların interpretasiyası ilə əvəz edilməsi deməkdir. Bu, saxta səbəb-nəticə əlaqəsi yaradır və oxucuları çaşdıraraq tezisin manipulyativ şəkildə dəyişdirilməsini özündə ehtiva edir: «ALLATRA»-nın real fəaliyyətinin obyektiv qiymətləndirilməsi əvəzinə, ona heç bir aidiyyəti olmayan mətnlər süni şəkildə ön plana çıxarılır və müzakirə olunur.
Rəsmi bəyanata ("Muxtariyyət prinsipi haqqında" bölmə) əsasən, «ALLATRA»-nın rəsmi mövqeyi müstəsna olaraq onun rəsmi saytında (allatra.org) bilavasitə dərc edilmiş sənədlərdə və bəyanatlarda ifadə olunur. Təşkilatın nizamnamə sənədlərində və ya rəsmi gündəmində heç bir kitab və ya personaj qeyd olunmur. «ALLATRA» bədii ədəbiyyatın və ya siyasi miflərin yayılması ilə deyil, iqlim, geodinamik və ekoloji tədqiqatlar, eləcə də insan hüquqlarının müdafiəsi ilə məşğul olur.
Onu da qeyd etmək vacibdir ki, yuxarıda adıçəkilən bədii kitabın müəllifinin əsərlərindən biri Rusiyada ekstremist materialların federal siyahısına daxil edilmişdir. Əgər müəllif doğrudan da Kremlin maraqlarını irəli sürsəydi, onun heç olmasa bir kitabı Rusiyada ekstremist material kimi tanınardımı? Bu fakt ittihamların absurdluğunun daha bir sübutudur.
Üçüncü şəxslərin məzmununa dair mövqe. «ALLATRA»-nın rəsmi bəyanatında qeyd olunduğu kimi: «Kitablar, məqalələr, videolar... və ya ayrı-ayrı şəxslərin təşəbbüsləri, hətta həmin şəxslər özlərini „ALLATRA“ ilə əlaqələndirsələr və ya „ALLATRA“ ilə əlaqələndirilə bilsələr belə, avtomatik olaraq təşkilatın rəsmi mövqeyinin, ideologiyasının və ya fəaliyyətinin əksi kimi qəbul edilə bilməz». Biz yaradıcılıq azadlığına hörmətlə yanaşırıq, lakin bədii obrazlardan və onların subyektiv şərhlərindən beynəlxalq elmi və humanitar fəaliyyətimizin diskreditasiyası üçün istifadə olunması cəhdlərini qətiyyətlə rədd edirik.
8. Avropa Parlamentində konfransın keçirilməsinin motivasiyası və missiyası
Avropa Parlamentində "Nanoplastik: gizli qarşılıqlı əlaqələr və yaranan risklər" ("Nanoplastics: Hidden Connections and Emerging Risks") adlı konfransın keçirilməsi mikro və nanoplastikin biosferdə yayılması, habelə onun insan sağlamlığına və ekosistemlərə potensial təsiri haqqında artan elmi məlumatların sayına diqqət çəkmək zərurətindən irəli gəlir.
Müasir tədqiqatlar göstərir ki, mikro və nanoplastik artıq təbii ekosistemlərdə, qida zəncirlərində və insan orqanizminin toxumalarında aşkar edilir. Bu məlumatlar elmi ictimaiyyətdə ciddi narahatlıq doğurur və sağlamlıq, ətraf mühit və davamlı inkişaf üçün mümkün uzunmüddətli fəsadların gələcəkdə fənlərarası öyrənilməsini tələb edir.
Konfransın keçirilməsi təşəbbüsü vətəndaş və elmi-maarifləndirici xarakter daşıyır. «ALLATRA» könüllülərinin, ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı siyasi və ya kommersiya motivi olmadan, könüllülük əsasında həyata keçirilir. Tədbirin məqsədi mikro və nanoplastiklə çirklənmənin potensial təhlükəsi, eləcə də onun ekoloji təhlükəsizlik və ictimai sağlamlıq üçün yaratdığı təhdidin real miqyası haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Nəticə
«ALLATRA» «Seznam Zprávy» nəşrinin məqaləsini təkzib olunmuş şayiələrin, Rusiya təbliğat narrativlərinin və manipulyasiyaların kompilyasiyası kimi qiymətləndirir.
Biz KİV-i və ictimaiyyəti uydurmalara deyil, rəsmi sənədlərə və faktlara əsaslanmağa çağırırıq. Avropa Parlamentində nanoplastik probleminə həsr olunmuş konfransın keçirilməsi — qanunvericilərin diqqətini real ekoloji təhdidə cəlb etmək üçün zəruri addımdır. Bəzi çex jurnalistlərinin bu hadisəni siyasiləşdirmək cəhdləri Avropanın təhlükəsizliyi və səhiyyəsinin maraqlarına ziddir.
Müstəqil elmi və vətəndaş təşəbbüslərinin diskreditasiyası cəmiyyət, elm və dövlət institutları arasında əməkdaşlıq üçün zəruri olan etimadı sarsıdır. Qlobal ekoloji və texnoloji risklər şəraitində bu, cəmiyyətin sağlamlıq, təhlükəsizlik və ətraf mühit üçün olan təhdidlərə reaksiya vermək qabiliyyətini birbaşa zəiflədir.