«ALLATRA» Qlobal Tədqiqat Mərkəzi Vyanada keçirilən ATƏT-in insan ölçüsü üzrə müşavirəsində stiqmatizasiyaya dair erkən xəbərdarlıq haqqında məruzə təqdim etdi.
Vyana, 30 iyun 2026-cı il — «ALLATRA» Qlobal Tədqiqat Mərkəzi («ALLATRA» QTM) 29–30 iyun 2026-cı il tarixlərində Vyanada keçirilmiş «İşgəncələrin və qəddar rəftarın qarşısının alınması: əməkdaşlığın və hüquqtətbiqetmənin gücləndirilməsi» mövzusunda ATƏT-in insan ölçüsü üzrə Əlavə Müşavirəsində iştirak etmişdir.
Görüşün rəsmi gündəliyi cinayət mühakiməsi sahəsində təminatlar, mütəxəssislərin hazırlığı və monitorinqi, hesabatlılıq, eləcə də hüquqi müdafiə vasitələri və zərərçəkmişlərin reabilitasiyası məsələlərini əhatə edirdi. «ALLATRA» QTM-in təqdimatı preventiv zəncirin daha erkən halqasına — fərdlərin və bütöv icmaların stiqmatizasiyaya, sosial izolyasiyaya, həmçinin bərabər ictimai tanınma və müdafiədən tədricən məhrum edilməyə məruz qala biləcəyi informasiya mühitinə yönəlmişdi.
İyunun 29-da «ALLATRA» «Stiqmatizasiyadan qəddar rəftara: Rusiyanın və digər ölkələrin dərsləri, erkən xəbərdarlıq əlamətləri, insan ləyaqəti və sui-istifadənin qarşısının alınması» mövzusunda paralel tədbir (sayd-ivent) keçirdi. Tədbir ATƏT-in paralel tədbirlər proqramı çərçivəsində baş tutdu və hüquq sahəsində tədqiqatçıları, vətəndaş cəmiyyəti nümayəndələrini, həmçinin ATƏT regionu ölkələrindən və digər dövlətlərdən olan ekspertləri bir araya gətirdi.

Vyanada keçirilən ATƏT-in paralel tədbirində «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndələri (soldan sağa): Mariya Anapreyçuk, Vladimir İvanov və Yevgeniya Maletskaya.
Diskussiya gedişində, müntəzəm damğalamanın, nüfuzdansalma kampaniyalarının və dehumanizasiya xarakterli narrativlərin açıq pozuntu faktı rəsmən tanınmazdan çox əvvəl ictimai rəyə, imkanlara və səmərəli hüquqi müdafiə vasitələrinə çıxışa necə təsir edə biləcəyi nəzərdən keçirildi. Həmçinin belə bir sual qaldırıldı: demokratik cəmiyyətlər söz azadlığını qoruyub saxlamaqla, ayrı-seçkiliyin və ya kollektiv şübhələrin qanuniləşdirilməsinə yol vermədən bu çağırışlara necə qanuni və mütənasib reaksiya verə bilərlər?
Tədbiri açan Vladimir İvanov — vəkil, hüquq tədqiqatçısı və Bolqarıstandan olan «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndəsi — qeyd etdi ki, preventiv tədbirlər qəddar rəftarın yekun və ən nəzərəçarpan mərhələləri çərçivəsindən kənara çıxmalıdır.
«Sosial stiqmatizasiya hansı məqamda insan hüquqları üçün sistemli təhdidə çevrilir və institusional təzyiq qanun qarşısında bərabər müdafiə prinsipini nə vaxt sıxışdırıb çıxarmağa başlayır?»
Məruzəçilər arasında İtaliyadan konstitusiya nəzəriyyəsi və etik idarəetmə üzrə baş məsləhətçi Alberto Kontu da var idi. O, əvvəlcədən yazılmış çıxışında konstitusiya təminatları ilə dövlət institutlarının gündəlik fəaliyyəti arasındakı qarşılıqlı əlaqəni nəzərdən keçirdi. O vurğuladı ki, konstitusiya öhdəlikləri məhkəmələrin, dövlət idarəetmə orqanlarının və hüquq-mühafizə orqanlarının işində real təcəssümünü tapmalıdır.
«Biz şübhələrə əsaslanan cinayət hüququ çərçivəsindən kənara çıxmalı və bütün səviyyələrdə müvafiq hüquqi prosedura riayət edilməsi mədəniyyətini tətbiq etməliyik: səlahiyyətlər hüquqlara tabe olmalıdır».
Öz çıxışında o, sübutların və fərdi qiymətləndirmənin stereotiplərlə, ehtimal olunan qrup xüsusiyyətləri ilə və ya faktlara deyil, şübhələrə əsaslanan yanaşmalarla əvəz edilməsindən xəbərdarlıq etdi.
Belçikadan olan politoloq, Avropa İnkişaf və Geostrateji Tədqiqatlar və Təhlil Mərkəzinin (ECDA) təsisçisi və prezidenti doktor Aişə Başa stiqmatizasiya problemini dövlət qulluğuna əlçatanlıq, sosial həmrəylik və ictimai həyatda bərabər iştirak prizmasından nəzərdən keçirdi. O vurğuladı ki, ayrı-ayrı icmaların dövlət institutlarından kənarlaşdırılması və ya lazımi səviyyədə təmsil olunmaması ictimai etimadı, sosial həmrəyliyi və cəmiyyətin demokratik həyatında bərabərhüquqlu iştirakı sarsıda bilər.
«İcmalar onları idarə edən institutlarda iştiraka sistemli şəkildə buraxılmadıqlarını gördükdə, bu, dərin və birmənalı siqnal verir. O deyir: sizin iştirakınız bəzi sahələrdə alqışlanır, lakin ən vacib qərarların qəbul edildiyi sahələrdə yox».
Rusiya Federasiyasından təqiblərə məruz qalmış və təhlükəsizlik məqsədilə adı açıqlanmayan şahid Rusiyadakı keçmiş «ALLATRA» könüllülərinə qarşı insan hüquqları pozuntuları ilə bağlı şəxsi təcrübəsini bölüşdü.
“ALLATRA”nın nüfuzdan salınması üzrə əlaqələndirilmiş kampaniya hələ 2015-ci ildə başlamışdı. Yeddi il ərzində mediada mütəzəm olaraq bizi ləkələyən materiallar dərc olunurdu. Bizə bilərəkdən “dağıdıcı sekta” və “apokaliptik kult” yarlıqları asılırdı, bu, həqiqətə uyğun olduğu üçün yox, düşmən obrazı formalaşdırmağa kömək etdiyi üçün edilirdi».
Şahid həmçinin bildirdi ki, dindirmələr zamanı müstəntiqlər iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsinə mane olmağa çalışırdılar. Digər keçmiş «ALLATRA» könüllüsünün hekayəsini xatırladaraq, o, müstəntiqin sözlərini sitat gətirdi:
«Sizə iqlim haqqında danışmaq olmaz. Bu mövzu qadağandır».
Çexiya Respublikasında «Falun Dafa»nın nümayəndəsi Leoş Strnad təhdidlər, dezinformasiya, institusional təzyiq və təqib edilən icmanı ictimai dəstəkdən təcrid etmək cəhdləri daxil olmaqla, transmilli təqiblərin qeydə alınmış formaları haqqında danışdı. O, beynəlxalq institutları hər bir halı ayrı-ayrı insident kimi nəzərdən keçirməkdənsə, bu kimi halların sistemli xarakterinə diqqət yetirməyə çağırdı.
«Biz işgəncələr və qəddar rəftar haqqında danışarkən, təbii olaraq təcridxanaları, polis idarələrini, dindirmələri və həbsxanaları düşünürük. Lakin işgəncələr demək olar ki, heç vaxt oradan başlamır. Onlar hər hansı bir qrupun təhlükəli, irrasional, qeyri-sadiq və ya müdafiəyə layiq olmayan kimi təqdim edilməyə başlandığı andan etibarən başlayır».

Saat əqrəbi istiqamətində, sol yuxarı küncdən başlayaraq: Vyanada keçirilən ATƏT-in paralel tədbirində «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndələri; Çexiya Respublikasında «Falun Dafa»nın nümayəndəsi Leoş Strnad; Rusiya Federasiyasından təqiblərə məruz qalmış şahid (təhlükəsizlik məqsədilə adı açıqlanmır); Avropa İnkişaf və Geostrateji Tədqiqatlar və Təhlil Mərkəzinin (ECDA) təsisçisi və prezidenti doktor Aişə Başa.
Öz çıxışında cənab Strnad Çindən kənarda «Falun Dafa» davamçılarına və «Şen Yun» truppasına qarşı hədə-qorxu və reputasiya hücumları hallarına, eləcə də onların din və əqidə azadlığına, ifadə azadlığına, həmçinin dövlət və ictimai institutların müdafiəni təmin etmək hazırlığına potensial təsirinə toxundu.
Beynəlxalq və Avropa hüququ sahəsində tədqiqatçı və İsveçrədə «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndəsi Mariya Anapreyçik diqqəti stiqmatizasiyanın ədalət mühakiməsinə çıxışa təsirinə yönəltdi. O qeyd etdi ki, təşkilatlar özlərinin qanuni fəaliyyəti üçün nəzərdə tutulmuş əhəmiyyətli resursları eyni vaxtda bir neçə yurisdiksiyada uzunmüddətli ictimai nüfuzdansalma kampaniyalarına qarşı mübarizəyə yönəltmək məcburiyyətində qaldıqda, hüquqi müdafiə vasitələri praktiki olaraq illüzor xarakter daşıya bilər.
«Ən səmərəli preventiv tədbir — sadəcə olaraq artıq baş vermiş sui-istifadə hallarına reaksiya vermək deyil, bu prosesin ən erkən mərhələlərində qarşısını almaqdır».

Mariya Anapreyçik Vyanada keçirilən ATƏT-in paralel tədbirində çıxış edir
Görüşün sonunda Latviyadan olan hüquqşünas, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı, hüquq müdafiəçisi, hüquq tədqiqatçısı və «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndəsi Yevgeniya Maletskaya özünün «informasiya terrorizmi» kimi xarakterizə etdiyi kriminoloji konsepsiyanı detallı şəkildə təqdim etdi. Öz çıxışında o, əlaqələndirilmiş informasiya kampaniyalarının ictimai etimadı sarsıtmaq, ayrı-seçkilik və ya repressiyaların yolverilən kimi qəbul edilməyə başladığı şərait formalaşdırmaq məqsədilə stiqmatizasiyaedici yarlıqlardan, dehumanizasiyadan və «düşmən obrazı»nın yaradılmasından necə istifadə etdiyini göstərərək, bu modeli ətraflı şəkildə nəzərdən keçirdi. O vurğuladı:
«Ən təhlükəli element qəbuledilməz olanın qanuniləşdirilməsidir. İnformasiya terrorizmi ölkənin mənəvi iqlimini o dərəcədə dəyişir ki, müəyyən bir qrupa qarşı ayrı-seçkilik, təqib və ya repressiyalar “əsaslandırılmış” və ya hətta dövlətin xilası üçün “zəruri” kimi qəbul edilməyə başlayır».

Yevgeniya Maletskaya Vyanada keçirilən ATƏT-in paralel tədbirində çıxış edir
Paralel tədbir zamanı Belçikada, Rusiyada, Ukraynada, Çində, eləcə də transmilli informasiya mühitində vətəndaş cəmiyyəti nümayəndələrinin, dini icmaların və etnik qrupların vəziyyəti ilə bağlı narahatlıq doğuran nümunələr və məlumatlar nəzərdən keçirildi. Spikerlər sistemli və əlaqələndirilmiş dehumanizasiya xarakterli ritorikanın ayrı-seçkiliyə, sosial izolyasiyaya, institusional təzyiqə və bu cür kampaniyaların hədəfinə çevrilənləri müdafiə etmək hazırlığının azalmasına kömək etməyə başladığı məqamı təhlil etdilər.
Analoji preventiv yanaşma müşavirənin təlim, monitorinq və nəzarətin gücləndirilməsi məsələlərinə həsr olunmuş plenar diskussiyasında da öz əksini tapdı. Öz çıxışında cənab İvanov vurğuladı ki, əlaqələndirilmiş stiqmatizasiya və dehumanizasiya xarakterli narrativlər işgəncələrin və qəddar rəftarın qarşısının alınması kontekstində potensial erkən xəbərdarlıq indikatorları kimi nəzərdən keçirilməlidir. «ALLATRA» QTM tərəfindən əvvəllər təqdim edilmiş nümunələrə istinad edərək, o, Ukraynanın «totalitar hipersekta», ukraynalıların isə «kanniballar» kimi təsvir edildiyi Rusiya antikult narrativlərini misal gətirdi. Əgər bu cür dehumanizasiyaedici yarlıqlar sistemli şəkildə və uzun müddət ərzində yayılırsa, onlar tədricən düşmənçiliyi normallaşdırmağa, empatiyanı sarsıtmağa, ayrı-seçkilik, qəddar rəftar və digər ciddi insan hüquqları pozuntularının ehtimalının daha yüksək olduğu şərait yaratmağa qadirdir.
Başqa sözlə, bu cür narrativlər Rusiyanın Ukraynaya qarşı təcavüzünə bəraət qazandırmaqda müəyyən rol oynaya bilərdi.

Vladimir İvanov Vyanada ATƏT-in plenar iclasında çıxış edir
«ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin fikrincə, insan hüquqları pozuntularının səmərəli şəkildə qarşısının alınması həm qəddar rəftar faktlarının özünə, həm də bu cür sui-istifadə hallarının yaranmasına zəmin yarada biləcək daha erkən amillərə diqqət yetirilməsini tələb edir: sistemli dehumanizasiyaya, əlaqələndirilmiş reputasiya hücumlarına, ictimai həyatda bərabərhüquqlu iştirak üçün maneələrə və təqib obyektinə çevrilən ayrı-ayrı şəxslərə və ya qruplara münasibətdə ictimai empatiya səviyyəsinin azalmasına.
«ALLATRA» Qlobal Tədqiqat Mərkəzi bu fikir mübadiləsinə töhfə vermiş spikerlərə, iştirakçılara və təşkilatçılara öz minnətdarlığını bildirir. Mərkəz insan ləyaqətinin qorunmasına, bərabər hüquqi müdafiənin təmin edilməsinə və bütün ATƏT regionunda vətəndaş cəmiyyəti üçün təhlükəsiz mühitin formalaşdırılmasına yönəlmiş tədqiqatları, dialoqu və preventiv yanaşmaları dəstəkləməyə davam edəcək.
ALLATRA» haqqında
«ALLATRA» — Amerika Birləşmiş Ştatlarında tədqiqat mərkəzi olan («ALLATRA» Qlobal Tədqiqat Mərkəzi), iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro və nanoplastiklərin təsirinin öyrənilməsi, həmçinin mədəniyyətlərarası əməkdaşlığın təşviqi və fundamental insan hüquq və azadlıqlarının mühafizəsi ilə məşğul olan beynəlxalq vətəndaş platformasıdır.
Ətraf mühitin və bütün yaradılanların mühafizəsi işinə sadiqliyin etirafı olaraq, «ALLATRA» 2024-cü ildə Zati-müqəddəsləri Papa Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Papa Lev XIV də «ALLATRA»nın prezidentinə və onun bütün könüllülərinə apostol xeyir-duası əta etmişdir.
Mətbuatla bağlı sorğular üçün [email protected] ünvanına müraciət edin.